Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 17 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində geniş maarifləndirici açıq dərs keçirildi.
Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 17 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində geniş maarifləndirici açıq dərs keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov öz çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirən, xalqın iradəsini ifadə edən ali sənəddir. O vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya dövlətçiliyimizin möhkəmlənməsində və milli suverenliyimizin qorunmasında mühüm rol oynamışdır. Direktor qeyd etdi ki, bu sənəd yalnız qanunların deyil, həm də vətəndaş cəmiyyətinin, insan hüquq və azadlıqlarının təminatçısıdır.
Asəf Ruşanov çıxışında həmçinin gənclərin üzərinə düşən vəzifələrdən danışaraq bildirdi ki, tələbələr Konstitusiya müddəalarını dərindən öyrənməli, dövlətçiliyə sədaqətli, milli dəyərlərə bağlı, vətənpərvər gənclər kimi yetişməlidirlər. Onun sözlərinə görə, Konstitusiyaya hörmət etmək hər bir vətəndaşın borcu olmaqla yanaşı, həm də gələcək nəsillərə qarşı məsuliyyət deməkdir. O, gəncləri dövlətin inkişafında fəal iştirak etməyə, milli suverenliyin qorunmasına öz bilik və bacarıqları ilə töhfə verməyə çağırdı.
Humanitar fənlər birləşməsi komissiyasının sədri Sərvər Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan Konstitusiyası dövlətimizin demokratik inkişaf yolunu müəyyənləşdirən əsas hüquqi sənəddir. O bildirdi ki, gənclərin bu sənədin müddəalarını mənimsəməsi onların həm hüquqi dünyagörüşünün, həm də vətəndaş məsuliyyətinin artmasına xidmət edir.
Kollecin Tarix müəllimi Hüseynova Aytən çıxışında xalqımızın müstəqillik və suverenlik uğrunda keçdiyi tarixi yola nəzər salaraq bildirdi ki, azadlıq uğrunda aparılan mübarizə Konstitusiya ilə öz hüquqi təsdiqini tapmışdır. O, tələbələrin tarixə dərindən yanaşmasının dövlətçilik şüurunun möhkəmlənməsi baxımından vacib olduğunu vurğuladı.
Mühasibat uçotu ixtisası II kurs tələbəsi çıxışında qeyd etdi ki, gənclərin Konstitusiya biliklərinə yiyələnməsi onların dövlətçiliyə bağlılığını daha da gücləndirir.

