23 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil Texniki Fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə şəhid Zülfü Rzayevin ailəsi ilə görüş keçirilmişdir.
23 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil Texniki Fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə şəhid Zülfü Rzayevin ailəsi ilə görüş keçirilmişdir. Görüşdə digər şəhid ailələri də iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək şəhidlərin qəhrəmanlıq yolundan geniş bəhs etmişdir. O vurğulamışdır ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və sabitliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayır.
“Şəhidlik ən uca zirvədir. Onların fədakarlığı sayəsində biz bu gün azad, güclü və qalib dövlətin vətəndaşlarıyıq. Bizim borcumuz şəhidlərimizin müqəddəs adlarını daim yaşatmaq, onların qəhrəmanlıq yolunu gənc nəslə örnək göstərməkdir”, – deyə Asəf Ruşanov qeyd etmişdir.
Daha sonra şəhidin anası Mehparə Rzayeva çıxış edərək övladının Vətən uğrunda canından keçməsini qürurla xatırladığını bildirmiş, dövlət və xalq tərəfindən göstərilən diqqətə görə minnətdarlığını ifadə etmişdir. Digər şəhid ailələri də söz alaraq onlara göstərilən hörmət və qayğının dərin mənəvi dayaq olduğunu vurğulamışlar.
Tədbirdə kollecin Riyaziyyat və İnformatika müəllimi Möminə İmanova da çıxış etmiş, şəhidlərin həyat yolunun gənclərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Bədii hissədə tələbələr şəhidlərə həsr olunmuş şeirlər səsləndirmiş, tələbə xor qrupu “Anacan, az ağla” mahnısını ifa etmişdir. Tədbir şəhid Zülfü Rzayevə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşmışdır.



