27 Sentyabr – Anım Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn komissiyasının müəlliminin təşəbbüsü ilə anım tədbiri təşkil olunub.
27 Sentyabr – Anım Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn komissiyasının müəlliminin təşəbbüsü ilə anım tədbiri təşkil olunub. Tədbirin məqsədi Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin müqəddəs xatirəsini anmaq, tələbələrdə vətənpərvərlik ruhunu gücləndirməkdir. Bu tədbir gənc nəslə torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlığın əhəmiyyətini çatdırmaq və milli birliyimizi möhkəmləndirmək məqsədi daşıyır.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhuna bir dəqiqəlik sükutla başlayıb. Sonra müəllim çıxış edərək şəhidlərin qəhrəmanlığından və 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Çıxışda bildirilib ki, bu gün biz burada yalnız kədərimizi ifadə etmir, həm də qəhrəman şəhidlərimizin bizə miras qoyduğu Vətən sevgisini yaşadırıq. Onların igidliyi sayəsində Azərbaycan torpaqları azaddır və bu, hər birimiz üçün ən böyük qürurdur.
Tədbirdə bir neçə tələbə çıxış edərək şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonda Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçılar həmin anları böyük duyğularla izləyiblər.


