Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Humanitar" fənlər birləşməsi komissiyasının təşəbbüsü ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib.
3 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Humanitar" fənlər birləşməsi komissiyasının təşəbbüsü ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib. Tədbir Aprel döyüşlərində şəhid olanların xatirəsinin anılması və döyüşlərin əhəmiyyətinin gənc nəslə çatdırılması məqsədi daşıyıb.
Tədbirdə ilk olaraq kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək Aprel döyüşlərinin Azərbaycanın hərb tarixindəki rolundan, qazanılan qələbənin əhəmiyyətindən və şəhidlərimizin qəhrəmanlığından bəhs edib. O, bu döyüşlərin Vətən müharibəsindəki qələbənin təməli olduğunu vurğulayıb.
Daha sonra "Humanitar" fənlər birləşməsi komissiyasının sədri və digər müəllimlər çıxış edərək Aprel döyüşlərinin siyasi, hərbi və mənəvi aspektlərini təhlil edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd ediblər. Onlar döyüşlərin tələbələr üçün bir qəhrəmanlıq dərsi olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda tələbələr Aprel döyüşləri ilə bağlı öz fikirlərini səsləndirərək şəhidlərin xatirəsinə ehtiramlarını bildirib, Vətənə sevgi və sədaqət hisslərini ifadə ediblər. Mövzu ilə bağlı nümayiş etdirilən videoçarx tədbir iştirakçılarına döyüş anlarını bir daha xatırladıb.
Bu tədbir gənc nəslin milli ruhda, vətənpərvərlik hissləri ilə böyüməsi, tariximizin şanlı səhifələrini dərindən öyrənməsi baxımından böyük əhəmiyyət kəsb edir.