“Elektrolit məhlulda və qazlarda elektrik cərəyanı” mövzusunda auditoriyadan kənar dərs keçmişdir.
15 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Lokomotiv və elektrik qatarı təsərrüfatı” ixtisası üzrə təhsil alan tələbələr üçün Ümum təhsil texniki fənlər birləşməsi komissiyasının müəllimi “Elektrolit məhlulda və qazlarda elektrik cərəyanı” mövzusunda auditoriyadan kənar dərs keçmişdir.
Keçirilən dərsin əsas məqsədi tələbələrə elektrik cərəyanının müxtəlif mühitlərdə – xüsusilə elektrolit məhlullarda və qazlarda yaranma mexanizmini daha ətraflı izah etmək, onların nəzəri biliklərini praktik nümunələrlə möhkəmləndirmək olmuşdur. Müəllim mövzu ilə bağlı geniş təqdimatla çıxış edərək, elektrolitlərdə elektrik cərəyanının ionların hərəkəti nəticəsində yarandığını, qazlarda isə cərəyanın ionlaşma prosesi ilə əlaqədar baş verdiyini tələbələrə izah etmişdir.
Dərs zamanı müxtəlif sxemlər, əyani vəsaitlər və nümunələrdən istifadə olunmuş, tələbələrin mövzuya marağını artırmaq məqsədilə interaktiv müzakirələr təşkil edilmişdir. Həmçinin tələbələrə gündəlik həyatda və texniki sahələrdə – xüsusilə də dəmir yolu nəqliyyatında elektrik cərəyanının tətbiqi ilə bağlı mühüm məlumatlar verilmişdir.
Auditoriyadan kənar dərs çərçivəsində tələbələr mövzu üzrə suallarını ünvanlamış, müəllim tərəfindən onların sualları ətraflı şəkildə cavablandırılmışdır. Bu isə dərsin daha səmərəli və yadda qalan olmasına şərait yaratmışdır.
Sonda qeyd olunmuşdur ki, bu cür dərslərin keçirilməsi tələbələrin nəzəri biliklərinin artırılması ilə yanaşı, onların ixtisaslarına olan marağının gücləndirilməsində və peşəkar bacarıqlarının formalaşmasında mühüm rol oynayır.